“Fərqli fərdlər” himni üçün çəkilən klipin təqdimat mərasimi baş tutub

“Fərqli fərdlər” himni üçün çəkilən klipin təqdimat mərasimi baş tutub

9 mart 2025 0000
9 Mart 2025-ci il tarixdə Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan “Fərqli fərdlər” adlı himnə çəkilən klipin təqdimat mərasimi baş tutub.
Mədəniyyət Nazirliyinin dəstəyi, “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatcılığı ilə təqdim olunacaq klip “PASHA Holding”in sponsorluğu ilə ərsəyə gəlib.
Himn Heydər Əliyev Fondunun dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatcılığı ilə keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunan “Fərqli fərdlər” beynəlxalq konqresinin təşəbbüsü və sponsorluğu ilə, “Ümid var” İnklüziv Yaradıcılıq birliyinin üzvlərinin iştirakı ilə yazılıb.
Himnin musiqisi bəstəkar Tural Məmmədliyə,sözləri isə Leyla Quliyevaya məxsusdur.
“Fərqli fərdlər” himnini xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımovayla yanaşı 15 nəfərdən ibarət inklüziv uşaq xoru oxuyub.
Müxtəlif diaqnozlu - daun sindromlu, autizmli, görmə məhdudiyyətli, eşitmə və danışma məhdudiyyətli, serebral iflic və digər əlilliyi olan uşaqlarla yanaşı xorda tipik inkişaflı istedadlı gənclər də yer alıb.
“Fərqli fərdlər” himninə rejissor Ülviyyə Könül klip çəkdirib.
Klipin təqdimat mərasimində istedadlı əlilliyi olan uşaqların digər bacarıqları da nümayiş olunub.
İnklüziv cəmiyyətə töhfə vermək məqsədilə ərsəyə gətirilən bu layihə çərçivəsində bir çox təhsil müəssisələrində - universitetlərdə, özəl və dövlət məktəblərində klipin nümayişi, uşaqların çıxışı, mütəxəssislərin maarifləndirici məruzələri, panel müzakirələr nəzərdə tutulub.
İnklüziv cəmiyyətin formalaşmasına təkan verəcək “Fərqli fərdlər” layihəsi əlilliyi olan şəxslərin inteqrasiyasına, onların özlərini realizə etmələrinə geniş imkanlar açacaq.

KONQRESƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN